Qəbələ Konserv Zavodunda yeni istehsal sahələri

  • 29 İyul, 2010
  • 1259

Prezident İlham Əliyev Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.

Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxdı.

Bildirildi ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasına zəmin yaradır. Bu gün Qəbələ konserv zavodunun məhsulları 30-dan çox ölkəyə ixrac edilir.

Prezident İlham Əliyev istehsal prosesini izlədi, meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə baxdı.

Sonra Prezident İlham Əliyev zavodda aparılan yenidənqurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış oldu.